Kral sarayından 150 min avroluq antik saatlar aparıldı

İtaliyanın Turin şəhərində naməlum şəxslər Venariya Reale kral sarayından 26 ədəd qədim cib saatını oğurlayıblar.
“Qafqazinfo” “Leggo”ya istinadən xəbər verir ki, hadisə Savoyya sülaləsinin Turin ətrafında yerləşən tarixi iqamətgahında baş verib.
Nəşr yazır ki, cinayətkarlar saraya daxil olaraq zərbəyədavamlı vitrinin şüşəsini sındırıb və orada saxlanılan 20-dən çox antik cib saatını aparıblar. Hadisə ilə bağlı karabinerlər (yerli hüquq-mühafizə orqanları) tərəfindən araşdırma aparılır.
Turin hakimiyyəti vurğulayıb ki, cinayət zamanı həyəcan siqnalı və silahlı mühafizə də daxil olmaqla bütün təhlükəsizlik sistemləri qaydasında çalışıb. Oğurlanmış eksponatların sığortalandığı və dəyərinin təxminən 150 min avro olduğu bildirilir. İngiltərə və Fransada istehsal olunmuş bu əşyalar XVIII əsrə aiddir və Savoyya Kral İqamətgahları Konsorsiumuna məxsusdur.
Qeyd edək ki, sözügedən saatlar 2012-ci ildə antikvar Corco Akkorneronun varisləri tərəfindən 24 ədəd qədim tütün qutusu kolleksiyası ilə birgə saraya hədiyyə edilmişdi. Oğrular tütün qutularına toxunmayıblar.
İlkin Mənbə və İstinad
- Orijinal Mənbə →QafqazinfoQafqazinfo — Orijinal xəbər lenti (20.10.2026).


